Əsas məzmuna keç

Tədqiqatçı müqaviləsi

13 okt 2026 tarixindən qüvvədədirVersiya v3

ETİK HAKERLƏ MÜQAVİLƏ

(“Qarabug” bug bounty platformasında iştirak haqqında)

Bu müqavilə (bundan sonra “Müqavilə”) bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “Medusa Group” MMC, Direktor Miraqşın Abutalıbov şəxsində (bundan sonra “Medusa Group MMC”), və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı [Etik hakerin adı və soyadı] (bundan sonra “Etik haker”) (Medusa Group MMC və Etik haker ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır) arasında aşağıdakı şərtlərlə bağlanmışdır.

Bu Müqavilə ilə müəyyən edilmiş şərtləri qəbul etməklə Tərəflər aşağıdakıları bəyan edirlər:

Medusa Group MMC “Qarabug” bug bounty platformasının (bundan sonra “Platforma”) yaradıcısı, sahibi və operatorudur;

Platformanın məqsədi Müştərilərin informasiya aktivlərinin sistem təhlükəsizliyini və istifadə imkanlarını təkmilləşdirmək üçün Müştəriləri və Etik hakerləri bir araya gətirməkdir. Platforma Etik hakerlərin Müştərilərə öz xidmətlərini təklif edə biləcəyi, Müştərilərin isə informasiya aktivlərini sınaqdan keçirmək üçün geniş Etik hakerlər şəbəkəsi ilə əlaqə saxlaya biləcəyi təhlükəsiz və idarə olunan informasiya mühitidir;

Müştərinin Platforma vasitəsilə təqdim etdiyi Sifarişdən və məlumatlardan Etik hakerlər tərəfindən Ümumi Qaydalarla müəyyən edilmiş məqsəd və hədəflərə uyğun olmayan şəkildə istifadə edilməsi qadağandır.

1. MÜQAVİLƏDƏ İSTİFADƏ EDİLƏN ANLAYIŞLAR

1.1. Platforma – Medusa Group MMC tərəfindən yaradılmış, ona məxsus olan və onun tərəfindən idarə edilən “Qarabug” bug bounty platforması – Müştərilərə Sifariş verməyə və informasiya aktivlərini sınaqdan keçirmək üçün Etik hakerlər şəbəkəsi ilə əlaqə saxlamağa imkan verən xüsusi rəqəmsal mühit.

1.2. Platformanın rəsmi səhifəsi – www.qarabug.az.

1.3. Müştəri – informasiya aktivlərinin sınaqdan keçirilməsi üçün Medusa Group MMC ilə müqavilə bağlamış və Platforma vasitəsilə Sifariş verən şəxs.

1.4. Sifariş – Müştərinin informasiya aktivlərində zəifliklərin aşkarlanması üçün Platformada yerləşdirdiyi, sınaqdan keçiriləcək informasiya aktivlərini və sınağın şərtlərini müəyyən edən tapşırıq.

1.5. Etik haker – Medusa Group MMC ilə bağlanmış müqavilə əsasında Platformada qeydiyyatdan keçməklə Etik hakerlər şəbəkəsinə qoşulan və Ümumi Qaydalarla müəyyən edilmiş qaydada Sifarişləri qəbul və icra etmək imkanı əldə edən kiber təhlükəsizlik mütəxəssisi.

1.6. Etik hakerlər şəbəkəsi – Platforma vasitəsilə yerləşdirilən Sifarişləri qəbul və icra edən kiber təhlükəsizlik mütəxəssisləri.

1.7. Etik hakerin hesabı – Medusa Group MMC tərəfindən Platformada Etik haker üçün yaradılmış elektron mühit. Etik hakerin hesabından istifadə qaydaları Ümumi Qaydalarla müəyyən edilir.

1.8. Ümumi Qaydalar – Müqaviləyə zidd olmayan hissədə Platformadan istifadə, Sifarişlərin qəbulu və icrası, zəiflik hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarını və şərtlərini müəyyən edən, Medusa Group MMC-nin qərarı ilə təsdiq edilən və Platformanın rəsmi səhifəsində dərc edilən qaydalar.

1.9. Tariflər – CVSSv3.1 standartına uyğun hesablanan pointlərə əsasən hər məqbul zəiflik hesabatı üzrə mükafatın məbləğini müəyyən edən, Medusa Group MMC-nin qərarı ilə təsdiq edilən və Platformanın rəsmi səhifəsində dərc edilən məbləğlər.

1.10. Mükafat – məqbul zəiflik hesabatlarına görə Medusa Group MMC tərəfindən Tariflərə uyğun olaraq Etik hakerə ödənilən vəsait.

1.11. İnformasiya aktivi – Müştəriyə məxsus olan informasiya və texnologiya infrastrukturu.

1.12. Zəiflik – Müştərinin informasiya aktivinin bütövlüyünün pozulmasına, səhv işləməsinə və ya məlumat sızmasına səbəb ola bilən qüsur, çatışmazlıq və ya səhv. Zəifliklər proqramlaşdırma səhvlərinin, informasiya aktivinin dizaynındakı qüsurların, zəif parolların, virusların və digər zərərli proqramların nəticəsi ola bilər.

1.13. Məqbul zəiflik hesabatı – Müqaviləyə, Sifarişə və Ümumi Qaydalara uyğun olaraq təqdim edilmiş zəiflik hesabatı.

1.14. Qeyri-məqbul zəiflik hesabatı – Müqaviləyə, Sifarişə və Ümumi Qaydalara uyğun olmayan şəkildə və/və ya onları pozmaqla təqdim edilmiş zəiflik hesabatı.

1.15. Təkrar zəiflik hesabatı – artıq aşkar edilmiş zəiflik barədə təqdim edilmiş eyni və ya oxşar zəiflik hesabatı.

1.16. CVSSv3.1 standartı – informasiya aktivində aşkarlanmış zəifliklərin ədədi göstəricisini (pointlərin miqdarını) müəyyən etmək üçün istifadə edilən, ictimaiyyət üçün açıq standart. Pointlər xüsusi düsturlar vasitəsilə hesablanır və hər bir zəiflik üçün 0-dan 10-a qədər qiymət əldə edilir.

1.17. Point – zəifliyin əsas xüsusiyyətlərinə və risk dərəcəsinə görə müəyyən edilən ölçü vahidi.

1.18. Xidmət paketi – Medusa Group MMC tərəfindən Müştəriyə təqdim edilən, xidmətlərin məzmununu və əhatə dairəsini müəyyən edən təkliflərdən biri.

1.19. Avtomatik zəiflik skanı – Sifariş dərc olunmazdan əvvəl aşkar və əhəmiyyətsiz zəiflikləri müəyyən etmək üçün həyata keçirilən avtomatlaşdırılmış yoxlama.

1.20. Fərdi məlumat – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.

1.21. Bu Müqavilədə xüsusi olaraq müəyyən edilməyən terminlər Azərbaycan Respublikasının qanunvericiliyi və Ümumi Qaydalarla onlar üçün müəyyən edilmiş mənalarda istifadə olunur.

2. XİDMƏTİN TƏQDİM EDİLMƏ ƏSASLARI

2.1. Medusa Group MMC Etik hakerə Platformadan Ümumi Qaydalara uyğun istifadə etmək imkanı yaradır. Etik haker Platformada yerləşdirilmiş Sifarişləri nəzərdən keçirə və onlar üzrə zəiflik hesabatlarını Ümumi Qaydalara uyğun təqdim edə bilər.

2.2. Etik haker qeydiyyat zamanı tələb olunan məlumatları doldurmaqla Platformada hesab yaradır. Qeydiyyat Medusa Group MMC tərəfindən Müqavilənin 9.3-cü bəndində göstərilmiş əlaqə vasitələrindən biri ilə təsdiqləndikdən sonra başa çatmış hesab edilir.

2.3. Etik hakerin hesabından təqdim edilən bütün hesabatlar və sorğular Etik haker tərəfindən verilmiş hesab edilir.

2.4. Etik haker hesab məlumatlarını itirdikdə və ya onun icazəsi olmadan və/və ya Müqaviləyə uyğun olmayan şəkildə hesabı üzrə əməliyyatların aparıldığından şübhələndikdə bu barədə dərhal Medusa Group MMC-yə məlumat verməlidir.

2.5. Etik haker heç bir halda Medusa Group MMC-nin işçilərindən və əməkdaşlarından digər xidmətlər almamalı, buna səy göstərməməli və bununla bağlı təklifləri qəbul etməməlidir.

2.6. Müştəri informasiya aktivlərində zəifliklərin aşkarlanması və müvafiq hesabatların tərtib edilməsi üçün yalnız Platforma vasitəsilə, Ümumi Qaydalara uyğun olaraq Sifariş verir. Sifarişlər Platformada qeydiyyatdan keçmiş bütün Etik hakerlər üçün yerləşdirilir.

2.7. Müştəri Platformada yerləşdirdiyi Sifarişi istənilən vaxt geri götürmək hüququna malikdir. Sifariş geri götürüldükdə yalnız həmin anadək təqdim edilmiş zəiflik hesabatları Medusa Group MMC tərəfindən qiymətləndirilir.

2.8. Avtomatik zəiflik skanı Xidmət paketinin bir hissəsi olduqda, Sifariş yalnız bu yolla aşkar edilmiş zəifliklər aradan qaldırıldıqdan sonra dərc olunur. Müştəri bu yolla aşkar edilmiş zəiflikləri düzəltmədikdə, onları Sifarişdə qeyd etməlidir. Əks təqdirdə, həmin zəiflikləri əks etdirən Etik haker hesabatları məqbul zəiflik hesabatları kimi qiymətləndirilir.

2.9. Etik haker aşkar etdiyi zəiflik haqqında hesabatı bütün zəruri təfərrüatları və zəifliyi təsvir edən məlumatları doldurmaqla təqdim etməlidir. Hesabat formasına lazımi detallar daxil edilmədikdə, hesabat qeyri-məqbul sayıla bilər.

2.10. Medusa Group MMC bütün zəiflik hesabatlarını qiymətləndirir və onların uyğunluğunu müəyyən edir. Hesabat təqdim edildikdən sonra 5 (beş) gün ərzində Medusa Group MMC hesabatın Müqaviləyə, Sifarişə və Ümumi Qaydalara uyğun olub-olmaması barədə qərar qəbul edir. Uyğun olmayan hesabat qeyri-məqbul hesab edilir və bu barədə qəbul edilməməsinin səbəbləri göstərilməklə Etik hakerə məlumat verilir. Qeyri-məqbul zəiflik hesabatı üçün mükafat ödənilmir.

2.11. Hər məqbul zəiflik hesabatı üçün Medusa Group MMC tərəfindən CVSSv3.1 standartına uyğun olaraq risk dərəcəsi, mürəkkəblik kateqoriyası və pointlərin miqdarı müəyyən edilir.

2.12. Fərqli Etik haker hesablarından eyni zəiflik barədə bir neçə hesabat daxil olduqda, mükafat ilk təqdim edilmiş məqbul hesabata görə ödənilir.

2.13. Sifarişlərin qəbulu və icrası, zəiflik hesabatlarının tərtibi və təqdim edilməsi qaydası və şərtləri bu Müqavilə ilə tənzimlənməyən hissədə Ümumi Qaydalarla müəyyən edilir.

3. HESABLAŞMA

3.1. Medusa Group MMC hər məqbul zəiflik hesabatı üçün CVSSv3.1 standartına uyğun hesablanmış pointlərin miqdarından asılı olaraq Tariflərlə müəyyən edilmiş məbləğdə mükafatı öz hesabına Etik hakerə ödəməyi öhdəsinə götürür.

3.2. Mükafat əvvəlki rüb ərzində məqbul hesab edilmiş zəiflik hesabatları üzrə hər rübün əvvəlində ödənilir.

3.3. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılır. Bu Müqavilə üzrə vergi və digər məcburi ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənilir.

3.4. Etik hakerin ödəniş məlumatları qeydiyyat formasında doldurulmadıqda, Medusa Group MMC mükafatın ödənilməsində yaranan gecikməyə görə məsuliyyət daşımır.

4. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1. Medusa Group MMC-nin hüquqları:

4.1.1. Etik hakerdən qanunvericiliyə uyğun olaraq onun eyniləşdirilməsi üçün zəruri olan məlumat və sənədləri düzgün və təhrif olunmamış şəkildə təqdim etməyi tələb etmək;

4.1.2. xidmətlərin göstərilməsi ilə bağlı Etik hakeri Müştərilər qarşısında təmsil etmək, o cümlədən zəiflik hesabatlarını Müştəriyə ötürmək;

4.1.3. Etik hakerlə telefon və digər vasitələrlə aparılan danışıqları, bu barədə əvvəlcədən məlumat verməklə, qeydə almaq;

4.1.4. Müqaviləyə xitam verildikdə Etik hakerin Platformaya çıxışını dayandırmaq;

4.1.5. bu Müqavilədən irəli gələn digər hüquqlar.

4.2. Medusa Group MMC-nin vəzifələri:

4.2.1. Müqavilənin şərtlərinə uyğun olaraq mükafatı tam və vaxtında ödəmək;

4.2.2. Etik hakerə fərdi eyniləşdirmə nömrəsi vermək və məxfiliyin təmin edilməsi məqsədilə Etik hakerə aid məlumatları daxili uçot sistemində həmin nömrə üzrə saxlamaq;

4.2.3. Platformada Etik hakerin hesabını açmaq, hesabın və təqdim edilmiş hesabatların düzgün qeydə alınmasını və Etik hakerin hesabdakı məlumatlara çıxışını təmin etmək;

4.2.4. Etik hakerin sorğusu əsasında onun hesabatları, onların qiymətləndirilməsi və hesablanmış mükafatlar barədə məlumat vermək;

4.2.5. Etik hakerin fərdi məlumatlarını qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla məxfi saxlamaq və Etik hakerin razılığı olmadan üçüncü şəxslərə ötürməmək;

4.2.6. bu Müqavilə üzrə öhdəliklərini Müqaviləyə və qanunvericiliyə uyğun olaraq vaxtında və lazımi qaydada icra etmək;

4.2.7. bu Müqavilədən irəli gələn digər vəzifələr.

4.3. Etik hakerin hüquqları:

4.3.1. Müqavilənin şərtlərinə uyğun olaraq mükafatın tam və vaxtında ödənilməsini tələb etmək;

4.3.2. Platformadan Ümumi Qaydalara uyğun istifadə etmək;

4.3.3. təqdim etdiyi hesabatlar, onların qiymətləndirilməsi və hesablanmış mükafatlar barədə Medusa Group MMC-dən məlumat almaq, o cümlədən bu məlumatları bilavasitə Platforma vasitəsilə əldə etmək;

4.3.4. Müqavilənin şərtlərinə uyğun olaraq Müqaviləyə xitam verilməsi üçün müraciət etmək;

4.3.5. bu Müqavilədən irəli gələn digər hüquqlar.

4.4. Etik hakerin vəzifələri:

4.4.1. eyniləşdirilməsi və Platformadakı fəaliyyəti ilə bağlı Medusa Group MMC tərəfindən sorğu edilən məlumat və sənədləri 5 (beş) iş günü ərzində düzgün və təhrif olunmamış formada təqdim etmək;

4.4.2. eyniləşdirmə məlumatlarında dəyişiklik baş verdikdə, 5 (beş) iş günü ərzində Medusa Group MMC-ni məlumatlandırmaq və dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək;

4.4.3. Müqavilə imzalanarkən və sonradan tələb edildikdə Medusa Group MMC-yə düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək;

4.4.4. Platforma vasitəsilə təqdim edilən məlumatları (xəbərdarlıq, bildiriş və s.) mütəmadi olaraq izləmək. Etik haker qəbul edir ki, bu məlumatlar əsasında müvafiq hərəkətlərin (hal tələb edirsə, hərəkətsizliyin) icrası onun vəzifəsidir;

4.4.5. bu Müqavilədən irəli gələn digər vəzifələr.

5. MƏXFİLİK

5.1. Zəiflik hesabatını təqdim etməklə Etik haker zəiflik barədə məlumatın açıqlanmadığını (yayılmadığını) təsdiq edir və həmin məlumatı Platformadan kənarda açıqlamamağı öhdəsinə götürür. Müştərinin və ya Medusa Group MMC-nin əvvəlcədən yazılı razılığı olmadan Platformadan kənar hər hansı açıqlama bu Müqaviləni pozur və mükafat hüququnu istisna edir.

5.2. Bu Müqavilənin məqsədləri üçün məxfi məlumat dedikdə, Tərəfə məxsus olan və ictimaiyyətə məlum olmayan, maddi və ya qeyri-maddi formada olmasından, nə vaxt və necə açıqlanmasından asılı olmayaraq fərdi məlumatları, şəxsi və ya kommersiya sirrini təşkil edən istənilən məlumat başa düşülür.

5.3. Məxfi məlumat təhlükəsiz qaydada təqdim edildikdə bu Müqavilənin şərtlərinə uyğun olaraq qorunur. Aşağıdakı üsullarla təqdim edilən məlumat təhlükəsiz qaydada təqdim edilmiş hesab olunur:

5.3.1. Platforma vasitəsilə yerləşdirilmiş istənilən məlumat;

5.3.2. möhürlənmiş zərfdə yazılı şəkildə qəbul edən Tərəfin nümayəndəsinə təhvil verilmiş və “Məxfi” qeydi olan istənilən məlumat;

5.3.3. qəbul edən Tərəfin nümayəndəsinin bu məqsədlə yaratdığı açar (sertifikat) ilə S/MIME və ya PGP protokolu vasitəsilə şifrələnmiş elektron poçt yazışması;

5.3.4. OpenPGP standartına uyğun olaraq PGP və ya GPG proqramı ilə şifrələnmiş fayllar. Şifrələmə parolu məlumatı təqdim edən Tərəf tərəfindən yuxarıda göstərilən üsullardan biri ilə təqdim edilir.

5.4. Məxfi məlumatın SMS və ya şifrələnməmiş elektron poçt vasitəsilə göndərilməsi, habelə üçüncü şəxslərin veb saytlarına və xidmətlərinə (məsələn, Dropbox) şifrələnməmiş formada yüklənməsi qadağandır.

5.5. Qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət orqanlarının tələbi ilə, habelə Müqavilə üzrə münasibətlərin həyata keçirilməsi üçün açıqlanan məlumatlar istisna olmaqla, Tərəflər bir Tərəfin digər Tərəfə (və ya onun işçilərinə/nümayəndələrinə) təhlükəsiz qaydada verdiyi məlumat və sənədlərin məxfiliyini Müqavilənin qüvvədə olduğu müddətdə və ona xitam verildikdən sonra qorumağı öhdəsinə götürürlər.

5.6. Tərəflər digər Tərəfin açıqladığı məxfi məlumatdan yalnız bu Müqavilə üzrə münasibətlərin həyata keçirilməsi məqsədilə istifadə edəcəklər.

5.7. Tərəflər məxfi məlumatın qorunması və onun ictimaiyyətə məlum olmasının qarşısının alınması üçün bütün ağlabatan tədbirləri görəcəklər.

6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

6.1. Tərəflər Müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə məsuliyyət daşıyırlar. Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, öhdəliklərin icrasından birtərəfli imtinaya yol verilmir. Tərəflərdən hər biri öz risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Tərəflərdən biri Müqavilə üzrə öhdəliyini icra etmədikdə və ya onun müəyyən edilmiş müddətdə icra edilməyəcəyi aşkar olduqda, digər Tərəf öz öhdəliyinin icrasını dayandıra və ya icradan imtina edərək zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

6.2. Etik hakerin həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyini pozmamalıdır. Etik haker ona aid olmayan hər hansı məlumatı və ya məlumata girişi pozmamalı, onlardan sui-istifadə etməməlidir. Etik hakerin hərəkətləri informasiya aktivinin mövcudluğuna və ya fəaliyyətinə mənfi təsir göstərməməlidir.

6.3. Medusa Group MMC Müştəri ilə Etik hakerlər şəbəkəsi arasında yalnız arbitr rolunu oynayan Platformanı təqdim edir və Etik hakerin hərəkətləri nəticəsində Müştəriyə dəyən zərərə görə məsuliyyət daşımır.

6.4. Medusa Group MMC Etik hakerin və ya Müştərinin tərəfində yaranan nasazlıqlar (internet bağlantısı, avadanlıq və s.) səbəbindən Platformanın istifadəsində yaranan problemlərə görə məsuliyyət daşımır.

6.5. Tərəflərdən heç biri digər Tərəfin üçüncü şəxslərə, o cümlədən Müştərilərə vurduğu zərərə görə məsuliyyət daşımır.

7. FORS-MAJOR

7.1. Tərəflər fors-major halları nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə məsuliyyət daşımırlar.

7.2. Fors-major hallarına Tərəflərin nəzarətindən kənar olan, onların təqsiri və ya ehtiyatsızlığı nəticəsində baş verməyən və qabaqcadan görülməsi mümkün olmayan hadisələr, o cümlədən müharibə, ictimai iğtişaşlar, yanğın, zəlzələ, vulkan püskürməsi, daşqın, tufan, epidemiya, epizootiya, dövlət orqanlarının qərarları və bu kimi digər hallar aiddir.

7.3. Fors-major halı səbəbindən öhdəliklərini icra edə bilməyən Tərəf belə halın baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq digər Tərəfə yazılı məlumat verməli və fors-major halının nəticələrinin aradan qaldırılması üçün bütün ağlabatan tədbirləri görməlidir.

7.4. Fors-major halının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf fors-major halına istinad etmək hüququnu itirir.

7.5. Fors-major halı baş verdiyi gündən etibarən Müqavilə üzrə icra müddətlərinin axımı dayandırılır və həmin hal aradan qalxdıqdan sonra bərpa edilir.

7.6. Fors-major halı 15 (on beş) iş günündən artıq davam etdikdə, Tərəflərdən hər biri digər Tərəfə yazılı bildiriş göndərməklə Müqaviləni ləğv edə bilər.

8. MÜBAHİSƏLƏRİN HƏLLİ

8.1. Bu Müqavilə üzrə yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər Tərəflər arasında danışıqlar yolu ilə həll edilir.

8.2. Danışıqlar yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

8.3. Platformada və Medusa Group MMC-nin daxili uçot sistemində olan qeydlər (o cümlədən zəiflik hesabatlarının təqdim edilmə vaxtı, onların qiymətləndirilməsinin nəticələri və ödənişlər), habelə Etik hakerə göndərilmiş bildirişlər Tərəflər arasında yaranan mübahisələrin həlli zamanı sübut kimi istifadə olunur.

8.4. Tərəflər arasında bu Müqavilə üzrə aparılan danışıqlar və yazışmalar mübahisələrin həlli zamanı sübut kimi istifadə oluna bilər.

8.5. Bu Müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

9. DİGƏR ŞƏRTLƏR

9.1. Ümumi Qaydalar Medusa Group MMC tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Yeni redaksiya müvafiq qərarın qəbul edildiyi gündən qüvvəyə minir. Medusa Group MMC dəyişikliklər barədə məlumatı Platformanın rəsmi səhifəsində yerləşdirməli və 9.3-cü bənddə göstərilən üsullardan biri ilə 15 (on beş) təqvim günündən gec olmayaraq Etik hakerə çatdırmalıdır.

9.2. Tariflər Medusa Group MMC tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Yeni Tariflər müvafiq qərarın qəbul edildiyi andan qüvvəyə minir.

9.3. Tərəflər arasında qarşılıqlı əlaqə aşağıdakı üsullarla həyata keçirilir:

9.3.1. Platforma vasitəsilə;

9.3.2. səlahiyyətli nümayəndə vasitəsilə;

9.3.3. Etik hakerin Platformada qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanı vasitəsilə.

10. YEKUN MÜDDƏALAR

10.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.

10.2. Tərəflərdən hər biri digər Tərəfi ən azı 10 (on) təqvim günü əvvəl yazılı xəbərdar etməklə Müqaviləni müddəti bitənədək birtərəfli qaydada və məhkəmədənkənar ləğv edə bilər.

10.3. Etik haker Medusa Group MMC tərəfindən Ümumi Qaydalara birtərəfli qaydada edilmiş dəyişikliklərə yazılı etiraz bildirdikdə, bu, Etik haker tərəfindən Müqavilənin ləğv edilməsi təşəbbüsü kimi qiymətləndirilir.

10.4. Bu Müqavilə ilə əhatə olunmayan və ya onu dəyişdirən münasibətlər Tərəflər arasında əlavə razılaşmalar bağlanması yolu ilə rəsmiləşdirilə bilər.

10.5. Bu Müqavilə ilə tənzimlənməyən məsələlərdə Tərəflər qanunvericiliyi, o cümlədən sahəyə nəzarəti həyata keçirən dövlət orqanlarının normativ hüquqi aktlarını rəhbər tuturlar.

10.6. Qanunvericilikdə dəyişikliklər edildikdə, Müqaviləyə müvafiq dəyişikliklər edilənədək Müqavilə qanunvericiliyə zidd olmayan hissədə qüvvədə qalır.

11. TƏRƏFLƏRİN REKVİZİTLƏRİ VƏ İMZALARI

“Medusa Group” MMC Etik haker
VÖEN: 1505437321 [Etik hakerin adı və soyadı]
Bank: “PAŞA Bank” ASC Azərbaycan Respublikasının vətəndaşı
Bank kodu: 505141 E-poçt: [qeydiyyat zamanı göstərilən e-poçt ünvanı]
Bankın VÖEN-i: 1700767721
H/H: AZ34PAHA40060AZNHC0100783767
M/H: AZ82NABZ01350100000000071944
SWIFT: PAHAAZ22
Direktor: Abutalıbov Miraqşın Mirəziz oğlu
İmza: ______________________ İmza: ______________________
M.Y.

İngilis dilində oxuyunAna səhifəyə qayıt